Blog

Bayraq haqqinda melumat

Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.

Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insan­la­rı­mız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı döv­ründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əziz­lə­nib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib.

Hər bir vətəndaş dövlət rəmzlərimizin məna, mahiyyət və əzəmətini dərindən dərk etməklə milli-mənəvi dəyərlərin, istiqlalın qədrini daha yaxşı bilir. “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 13 mart 1998-ci il tarixli sərəncamında deyildiyi kimi:

“Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.

1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin qarşısında duran əsas vəzifələrdən biri də bayrağın təsis edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verildi. Həmin qərara görə Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edildi. 

1920-ci ildə çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirən bolşeviklər AXC-ni süquta uğratdıqdan sonra üçrəngli Azərbaycan bayrağı işğalçılar tərəfindən dəyişdirildi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi Məmməd Əmin Rəsulzadənin də dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözləri sübutunu tapdı. Bayrağımız enmədi, əksinə daha da ucalarda dalğalandı. 

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Üçrəngli bayrağın simvolları

Göy rəng – Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir.

Ay-Ulduz – Üçrəngli bayrağımızın rəngləri ilə bağlı fikirlər məlum olsa da, bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları Xalq Cümhuriyyəti dövründə açıqlanmayıb. Alimlərin araşdırmalarına görə, ay-ulduz türk simvolları hesab olunur. Belə ki, qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib. Ay-ulduz xoşbəxtlik rəmzi hesab olunur.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. 2010-cu il sentyabrın 1-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür-162 metr bayraq dirəyində ucaldıldı. Dünyada ən hündür yerdə dalğalanan bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Qeyd edək ki, Ginnes dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *