Yetər, eloğlum, yetər

Bu qanlı çəkişmələr,
Bu yazıq görünmələr,
İllərlə qəm daşıyıb,
Ayaqda sürünmələr
Yetər, eloğlum, yetər.

İt ilə qonşu olan,
Çomağın yerə qoymaz.
Bədəsil bar götürməz,
Çörəyi, duzu qanmaz,
Yetər, eloğlum, yetər.

Ha dözdük, daş bağladıq,
Səbrimiz aşdı-daşdı,
Bu görüş son görüşdü,
Bu savaş son savaşdı,
Yetər, eloğlum, yetər.

Sinəsi qanlı yurdda,
Sinəmiz qan gərəkdir.
Son nərə, son fırtına,
Son imtahan gərəkdir,
Yetər, eloğlum, yetər.

Övladın biri getsə,
Yurdunda biri qalar.
Ananın ömrü bitsə,
Ürəkdə yeri qalar,
Yetər, eloğlum, yetər.

Vətənin itirənin,
Əbədi gözü yaşdı.
Ürəyi qəm dağıdır,
Bağrı dərdlə badaşdı,
Yetər, eloğlum, yetər.

Bu nə ata dərdidir,
İl keçə unudula.
Nə övlad itkisidir,
Qeyrət ilə udula,
Yetər, eloğlum, yetər.

Yaralını görəndə,
Od-alovsuz yanıram.
Yarasız gəzdiyimçün,
Özümdən utanıram,
Yetər, eloğlum, yetər.

Hər qarış torpaq üçün,
Sinəmiz sipər olsun.
Düşmənə dərs verməyə,
Ürəkdə təpər olsun,
Yetər, eloğlum, yetər.

Bu döyüş ağır oldu,
Sinəmiz yağır oldu.
Alışdıq için-için,
Vətən qanbağır oldu,
Yetər, eloğlum, yetər.

Müəllif:Sərdar Zeynal

loading...
Tags: