Şirinsən, Vətən

Dağ-dərə bürünüb gülə, çiçəyə,
Yolların uzanır xoş gələcəyə,
Genişsən, gözəlsən, məğrursan deyə,
Ürəkdən eşqinə bağlanmışam mən,
Sən niyə hər şeydən şirinsən, Vətən?!

Bürünsə dağların çənə, dumana,
Yenə də bənzərsən bir gülüstana,
Anasan, qədrini bilən insana,
Qədrini nə bilir hər yoldan ötən,
Sən niyə hər şeydən şirinsən, Vətən?!

Bürüyüb köksünü üzüm bağları,
Buluda söykənib pambıq dağları,
Ömürün gənc vaxtı, qoca çağları,
Qucağın fərəhli, işıqlı, gülşən,
Sən niyə hər şeydən şirinsən, Vətən?!

Döysə də nə qədər yağış, qar məni,
Eşqindir qabardan geniş sinəmi,
Gözəl arzuların ən möhtəşəmi.
Sənsən, zövq alıram gözəlliyindən,
Sən niyə hər şeydən şirinsən, Vətən?!

Alanda əlimə qələm-dəftəri,
Təkcə sən olursan dilim əzbəri,
Qoynunda zəhmətin xarüqələri,
İl-ildən daha da gözəlləşirsən,
Sən niyə hər şeydən şirinsən, Vətən?!

Müəllif:Sərdar Zeynal

loading...
Tags: