Naxçıvan –Qarabağ paralanmışıq

Araya nə çıxar, ha fikirləşim,
Yurd düşkün, günbəgün artır qan-qada.
Açılmır düyünü dolaşan işin,
Arada kənd-kəsək verilir bada.

Ayrılıq köyrəldib yamacı, yalı,
Çəkilməz dumanam, əriməz qışam.
O qədər çətindir Naxçıvan yolu,
Atama, anama yadırğamışam.

Ağacın qənimi içindəki qurd,
Kişisən, dostunu düşməndən ayır.
Yaralı quş kimi çabalayır yurd,
Sahibsiz qalıbdır, cığır, çöl-bayır.

Ağlının gücü yox “dilbilən”lərin,
Qansızın qazancı bacadan gəlir.
Aşığı bəy durub hələlik şərin,
Harayı daha da ucadan gəlir.

Kimisi vurhavur, qovhaqovunda,
Ata var evində uşağa matdı.
Qudurğan quyruqda milyon ovunda,
Ana var çayın da daşını atdı.

Tülkülər hin gəzir, qurd dumanlı gün,
Dovşanı kolluğun sıxlığı saxlar.
Zəlzələ toxunsa zirvəyə ötkün,
Tab etməz, başında papağı laxlar.

Aralı düşübdür ayıq baş əldən,
Kəndbəkənd, elbəel yaralanmışıq.
Vaxtında qaçmayıb bədnam əməldən,
Naxçıvan-Qarabağ paralanmışıq.

Müəllif:Sərdar Zeynal

loading...