Min dəfə “can” dedim.

Min dəfə “can” dedim, “sevirəm” dedim,
Min dəfə başına dolandım sənin.
Nə dedin, ürəkdən bir az kəm dedin,
Nə bilim sözlərin yalandır sənin.

Vüsalın həsrəti göynətdi məni,
Ələndi başıma hicranın odu.
Mən necə sevmişdim, sevmişdim səni,
Səninsə istəyin, ilqarın budu.

Toxunma könlümə, qəlbimə dəymə,
İtirmək çox asan, tapmaq çox çətin.
Dağ üstdən dağ çəkmə sən ürəyimə,
Yüz ah var yolunda hər səadətin.

Min dəfə can qurban eylədim sənə,
Min dəfə unutdun ilqarı, andı.
Unutdum çox şeyi, unutdum yenə,
Düşündüm, Allah da bağışlayandı.

Qəlbimin ahısan, dilimin andı,
Yandırma köksümün oduna məni.
Bir odda neçə min pərvanə yandı,
Dəyişmə yaxına, yadına məni.

Müəllif:Sərdar Zeynal

loading...