Məni gör nə günə saldı məhəbbət.

Dostum gəl dərdimi söyləyim sənə
Gör məni nə günə saldı məhəbbət.
O qədər zülmlər eylədi mənə
Qəlbimi doğradı, çaldı məhəbbət,
Gör məni nə günə saldı məhəbbət.

Onunla bağladım mən hər sözümü,
Düz açdım həmişə ona gözümü,
Bəzən qurban verdim ona özümü,
Gördüm xəyallara daldı məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Onunçün puç olur arzu, dilək də,
Tufana çevrilir adi külək də,
Onsuz da qardaşım, hər bir ürəkdə,
Silinməz ləkədi, xaldı məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Daim məndən qabaq durdu ayağa,
Baxdığım üzlərə qoydu qadağa,
Bilməm neyçün verdi məni qabağa,
Özü yarı yolda qaldı məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Məhəbbət ki, var bir ağır yoldu,
Gündə neçə dəfə boşaldı, doldu,
O qədər suallarım cavabsız oldu,
Nə biləydim axı laldı məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Dondurub əlimdə yazan qələmi,
Ahım, naləm tutub bütün aləmi,
Əslinin oduna saldı Kərəmi,
Alışdı məhəbbət, yandı məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Geyinir, gəzinir gündə bir donu,
Qandı, faciədi,dəhşətdi sonu,
Saldı səhralara yazıq Məcnunu,
Leylisin əlindən aldı məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Gənc idim bilmirdim, o nə təhərmiş,
Sən demə qəm dolu dərdmiş, qəhərmiş,
And olsun Allaha acı zəhərmiş,
Mən elə bilirdim baldı məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Eyvaz əzablarla çəkirdi onu
Soyuq da,Şaxta da biçirdi onu
Təzəcə qəlbində əkirdi onu
Çıxdı xəzan yeli, soldu məhəbbət
Məni gör nə günə saldı məhəbbət.

Əfsanə Nifrət.

loading...