Kəndimin.

Gecə yorğun, gündüzləri narahat,
Qayaları dayanıbdır faraqat,
Dəli çayı yüyənsiz bir kəhər at,
Zirvələri bəyaz qardı kəndimin.
****
Buludları zehinimi aldadır,
Bulaqları nəğmə qoşur, bal dadır,
Gözəlliyi arxadadır, daldadır,
Payızı da ilk bahardı kəndimin.
****
Laylalıdır çaylarının axarı,
Göllərində əlini yu, ax, arı,
Qonaq-qara olur gəlir-çıxarı,
Ağacları dolu bardı kəndimin.
****
İntizarı məni üzür az qala,
Gəl sinəmi az alışdır, az qala,
Bu qayalar girməyibdir az qola,
Daşları da dövlət, vardı kəndimin.

Müəllif:Sərdar Zeynal

loading...