İstəyirəm.

Sevirəm dünyada hər şeyi rəngsiz,
Qışda qar, baharda çən istəyirəm.
Duya bilməyirəm çayı ahəngsiz,
Sünbüllü tarlada dən istəyirəm.

Özümə bəs edər qəlbimin odu,
Bir əlim gur atəş, bir əlim sudu,
Həyatda kamanın, zurnanın, udun
Zilin zil, bəmini bəm istəyirəm.

Müdrik babaları nəvəsi əlli,
İgid övladları ad-sanı bəlli,
Təzə ailəni möhkəm təməlli,
Ömrünü əbədi tam istəyirəm.

Nə hicran, nə ölüm, nə qan, nə həsrət,
Nə ürək odlayan saxta məhəbbət,
Nə əzən bir ölkə, əzilən millət,
Nə də ki qəlb oyan qəm istəyirəm.

Müəllif:Sərdar Zeynal

loading...