İnan

İnan,
Günəşə inan!
Nə qədər qaralsa da,
Əsla sönməz heç zaman.
Düz deyiblər atalar:
“Hər qaranlıq gecənin işıqlı gündüzü var”.
İnan,
Torpağa inan!
Əməyə qiymət ver,
Haqq itirməz heç zaman.
Parlaq almaza dönər qoynunda hər damla tər,
Bərkiyər, polad olar yolunda tökülən qan.
Yaxşının məzarında
Əlvan gül, çiçək bitər,
Yamanın məzarında
Boz qanqal, qara tikan!
İnan!
İnsana inan!
Nə qədər bərkə düşsə,
Sönməz qəlbində vicdan.
Doğrunu deyən dili,
Düzü görən gözü var!
İnan,
Elinə inan!
Can deyənə can deyib daim,
Qan deyənə – qan!
Nə çoxdur yer üzündə mərd ellər,
Şirin dillər…
Hər eli sev, hər dili öyrən
Bacarsan əgər…
Ancaq doğma elini,
Əziz ana dilini
Yadırğama heç zaman!..

Mikayıl Rzaquluzadə

loading...
Tags: