İçimdəki mən

İçimdə bir mən var məndən yuxarı.
Mənə baxır yuxarıdan aşağı.
Mən əl-qolu bağlı durub qalmışam.
O azaddır, gəzir bütün çahanı.

İçimdə bir mən var məndən yuxarı
Yarışır zamanla,gedir irəli.
Bəzən də dalaşıb, dönüb keçmişə,
Ordan gələcəyə ismarıc verir.

İçimdə bir mən var məndən yuxarı.
Yatanda da o mənimlə yatmayır.
İstədiyi yerdə salır məkanın,
O qalibdi, ona çatan olmayır.

İçimdə bir mən var məndən yuxarı.
Mən güləndə , o ağlayır yerimə.
Deyir:ay qafil nəyinə gülürsən?
Üstü, altı dərdlə dolu dünyada.

İçimdə bir mən var məndən yuxarı.
Mən ağlayanda da, gülür yerimə.
Deyir:ağlamaqla düzələn deyil,
Sil gözünü, bir bax, bir çarə axtar.

İçimdə bir mən var məndən yuxarı.
O çox bilir,mənə deyir saf olma.
Çox insan üzdə bir, dalda başqadır.
Hər kəsə inanıb, hər kəsə qanma.

İçimdə bir mən var məndən yuxarı.
O görür, mənim görmədiklərimi.
Bəzən xəbər verir mənə öncədən,
Başıma gələcək hadisələri.

İçimdə bir mən var məndən yuxarı.
Mən məhkumam, o, qalibdi hər zaman.
Boyun əymir, tabe olmur heç kimə,
Haqqın tərəfində durur hər zaman.

İçimdə bir mən var məndən yuxarı.
Tanrıya da, insana da məndən daha yaxındır.
O, susmur, bağırır zamana qarşı,
Qoşulur əsən küləyə yarışır.

İçimdə bir mən var məndən yuxarı.
Təbiət onu qorxutmur mən qədər.
Yağan yağışın altında gəzir o.
Qarın üstdə ayaqyalın qaçır o.

İçimdə bir mən var məndən yuxarı.
Mən oturub , yas tutanda qəlbimdə,
O atılır irəliyə, axtarır,cəllad olub,
Tapıb, çökür namərdin sinəsinə.

İçimdə bir mən var məndən yuxarı.
Gecə yarı məni oyadır bəzən.
Deyir:nə yatmısan, dur düşün, daşın,
Gəl özünə, mən də dönüm özümə.

İçimdə bir mən var məndən yuxarı.
Deyirəm, gedənimi qaytar mənə.
Deyir:mən çarəsizəm, ölümün qarşısında
Acizəm, qollarım bağlıdır deyir.

İçimdə bir mən var məndən yuxarı.
O çox zaman mənim arzularımdı.
İçimdə bir mən var məndən aşağı.
Bəzən röyam, bəzən reallığımdı.
O mənim ruhumdu, məndən yuxarı.

Sevinc

.

loading...