Eşq oldu adı

Bu gün qəlbimizdə bir həsrət vardı,
Necə də şirindir ayrılıq dadı.
Qovuşsaq sadə bir sevgi olardı,
Qovuşa bilmədik “eşq”oldu adı.

Sevgi aləmində belədir qanun,
Sevənlər çəkməli dərdi-kədəri.
Əgər qovuşsaydı Leyliyə Məcnun,
Bir dastan olmazdı məhəbbətləri.

Ayrılıq odunda yanma demirəm,
Qovuşmaq niyətsə hicran əməldir.
Yenidən sevməyi heç istəmirəm.
Ayrılıq sevgidən daha gözəldir.

Sən də ürəyini eşq ilə yandır,
Əgər aşiqsənsə yanmaq gərəkdir.
Birlikdə olarkən sevmək asandır,
Hünər ayrı ikən sevə bilməkdir.

Biləsən belədir arzu-istəyim,
Yolunda göz yaşı tökmək istərəm.
İnan ki,nə qədər yetsə ürəyim,
O qədər həsrəti çəkmək istərəm.

Bu gün qəlbimizdə bir həsrət vardı,
Necə də şirindir ayrılıq dadı.
Qovuşsaq sadə bir sevgi olardı,
Qovuşa bilmədik “eşq”oldu adı.

Murat Azəri

loading...