Eləmişəm

Aləmə səs düşüb könlüm dinəndə, Bir ömür tapıbdır təbiət məndə. Ruhumdan yaranıb çöl də, çəmən də, Çiçəyi döndərib bal eləmişəm. Mənim ilham payım göydən enibdir, Üstümə nur saçan Aya dönübdür. Duyğular dillənib, fikir dinibdir, Yaşılın ömrünü al eləmişəm. İlahi bir sevgi güc verib mənə, Qoymaram gözəllik taxtından enə. Sevdamı döndərib dumana çənə Dağların başında şal eləmişəm. Bir eşqin yolunda tapdım özümü, Şumladım hissimi, səpdim sözümü. Qaynar ocağımı, isti közümü Lalənin bağrında xal eləmişəm. Hər yan gözəlliklə doludur, dolu, Təbiət uludur, gözəllik ulu. Bir sevda yoludur ömrümün yolu, Dünyanı mat qoyub lal eləmişəm. Qarışıb xəyalın şirinliyinə Enmişəm göylərin dərinliyinə. Düşəndə bir ömrün sərinliyinə Görmüşəm, saçları çal eləmişəm.
Ziyadxan Budaq.

loading...