Çaylar var

Çaylar…
Bu dünyanın qan damarları,
Birisi şimaldan cənuba axır,
Birisi cənubdan şimala sarı.
Birinin səsi nəğmə olur, layla olur qulaqlara,
Birisi etibar, inam.
Çay var ki, qayada çəkilib dara,
Çaylar var iki sahil arasında əhd-peyman.
Yaz olur,
sahillərdən ağac qoparır çaylar,
yaşı babamın yaşı qədər.
Vaxt olur qışqırır, hay salır,
vaxt olur, qəlbini alır qəm, kədər.
Daraq çəkir sahillərin saçlarına çaylar,
axarını dəyişir.
Bir də görürsən ki, yatağı
beş-on ağac o tərəfdə yerləşir.
Sahillərini yuyub aparan,
qayaları kökündən qoparan çaylar,
birmi, ikimi?!
İnanmıram, ikinci bir çay ola dünyada
bizim bu Araz kimi.

Müəllif:Sərdar Zeynal

loading...