Çal, aşıq

Ömrümüzün payızı çox, yazı çox.
Həsrəti çox, sevinci çox, nazı çox,
Əlinizdən hər nə gəlir azmı-çox,
Qoyma yaxşı pislə düşsün dolaşıq.
Çal, aşıq!
*****
Çal çağlasın dağ çayları sinəmdə,
Dünya gülsün sim mizrabla dinəndə.
Yanşaq idin, ozan idin dünəndə,
Bu gün artıq tərsə dönüb val aşıq.
Çal, aşıq!
*****
Ərdən olan ər oğlusan, ərənsən,
“Sarıtel”lə qəlbdən qəmi dərənsən,
Saz əlində alovlanan Kərəmsən.
Söhbətinə qatışıbdı bal aşıq
Çal, aşıq!
*****
Neçə bülbül qovuşdurub gülünən,
Neçə məclis yola salıb dilinən,
Qərib kimi Şahsənəmçün ilinən,
Dərə keçib, dağ dırmanıb, yol aşıb,
Çal, aşıq!
*****
Yazıqların, yalqızların pənahı,
Dar ayaqda bağışlanıb günahı,
Bir çalmaqla yox eyləyib min ahı,
Bu torpağı qarış-qarış dolaşıb.
Çal, aşıq!
*****
Saz balan tək qısılıbdır köksünə,
Tarix boyu çaldın qəmin əksinə,
Naşı çalsan şah Ələsgər diksinər,
Ayrılırıq, sən salamat qal, aşıq,
Çal, aşıq!

Müəllif:Sərdar Zeynal

loading...