Cəngi çal

Ağzını göyə tut qara zurnanın,
Bilsinlər zurnaçı Hüseyn zildədir.
Cəngini eşitsək qaynayır qanım,
Elə bil qarşımdan qoşunlar gedir.

Çomağı qoşa vur, ay Tağar Əli,
Möhkəm vur nağara çıxsın özündən.
Gör nəyə qadirdir insanın əli,
Ritm ilə istəyi yağır gözündən.

Cəngiylə Koroğlu düşdü atından,
Cəngiylə Qırata, Dürata mindi.
Yanğısı keçəndə yeddi qatımdan,
Bəs dedim Tividir Çaldıran indi.

Qışlaqlar yaylağa daşıyar köçün,
Qüdrətdən dağ oyanar, daşlar səs eylər.
Yurdumu yağıdan qorumaq üçün,
“Cəngi”nin səsi də mənə bəs eylər.

Çox işin cavabın gözlədik haqdan,
Çox yerdə qismətdən çıxdı əlimiz.
Arada yox oldu alma tabaqdan,
Gördük ki, “udduqca” uduzuruq biz.

Bu güvənc torpağım, bu duruş yerim,
Qiymətim, qismətim daş altındadır.
Kökümün kökləri dərindən dərin,
Bu bulaq payım da inan bal dadır.

Bir azca səngidin “Heyvagülü”nü,
Ləngəri havalar ləngər eyləyir.
Çaldıqca nadanın kəsmir dilini,
Yurdumu özünə səngər eyləyir.

Durmayın ay Əli, çalın “Cəngi”ni,
Xətayi çıxarsın qılıncı qından.
Qorxuya verməsin Babək rəngini,
Yarıyaq torpağın azadlığından.

Müəllif:Sərdar Zeynal

loading...
Tags: