Biz belə sevirik bir-birimizi…

Mən həmin insana candan əziz can
O da mən dediyim hər sözə heyran
Ayrılsaq damarda ,hətta donar qan
Biz belə sevirik bir-birimizi…

“Hələlik” sözü də kədərləndirir
Xeyli boğazı qəhərləndirir
O da mənim kimi dəyərləndirir
Atdığım addımı,qoyduğum izi
Biz belə sevirik bir-birimizi…

Hər dəfə yalvardıq əl açıb göyə
Şeytan aramıza girməsin deyə
Baxıb aramızda olan sevgiyə
Şeytan da ayırmaq istəməz bizi
Biz belə sevirik bir-birimizi…

Zaman çox tez keçir,aylar ötüşür
Sevgimiz dəyişmir,illər dəyişir
Nəinki ayrılaq ,hələ söz düşür
Ölür xəcalətdən “Ayrılıq” sözü
Biz belə sevirik bir-birimizi…

Oturub baxanda bəzən üz-üzə
Ürəklər danışır,yer olmur sözə
Hətta,qarşımızda diz çöküb bizə
Təşəkkür eyləyir məhəbbət özü
Biz belə sevirik bir-birimizi…

Mən sənə “Həyatım”,”Balam “ demirəm
Qoy desin deyənlər,mən istəmirəm
Mən sənə mənalı,sakit ömürəm
Sevgimin nəfəsi,ruhumun gözü
Biz belə sevirik bir-birimizi..

Ramil Göyçaylı

loading...