Ay Ana

Yəqin indi yemişanlar qızarıb,
Azadlıqçün qoz dağıdıb qınını.
Bağlanıbdır gül-çiçəyin bazarı,
Oğul-uşaq dövrələyib yanını
Ay Ana!
****
Yəqin daşda kəklik düşüb həvəsdən,
Kol dibində torpaq eşir, yem gəzir.
Uzaqlaşıb çay qüvvədən, su səsdən,
Boz canavar sürülərdən gen gəzir,
Ay Ana!
****
Yəqin yenə mis samavar dəmdədi,
Atam vurur kəklikotu çayından.
Gözün yolda, holavarın bəmdədi,
Əl çəkmisən bir oğulun payından,
Ay Ana!
****
İndi dağlar çalmalayar başını,
Üz-gözündən zəhər yağar buludun.
Şəkər armud yerə əyib başını,
Elə bil ki, öz kökünün quludu,
Ay Ana!
****
Kəndimizdə qəhət olub bir ömür,
Əl çəkmişik torpağından, daşından.
Şimşək vurmur, su aparmır, qurd yemir,
Azalırıq süfrəmizin başından,
Ay Ana!

Müəllif:Sərdar Zeynal

loading...