Ata, ay Ata

Bu cavan yaşımda tutub yükümü,
İsti yuvamızdan uzaq düşmüşəm.
Elə bil başlayıb yarpaq tökümü,
Mən öz budağımdan üzüluşmuşəm.
****
Qayğı duman kimi alıb başımı,
Qoymur fikirlərim bir qərar tuta.
İllər son daşadək hörsə yaşımı,
Mən yenə uşağam, ata, ay ata.
****
Bircə məsləhətə, isti nəfəsə,
Bircə xoş baxışa yaman möhtacam.
Bala deyən dilə, “can” deyən kəsə,
Möhtacam, möhtacam, yenə möhtacam.
****
Qalacaq müdriklik açarın məndə,
Nəvən gözüm üstə böyüyəcəkdir.
Mənə ata deyib, baba deyəndə,
Ürəyim səninlə öyünəcəkdir.
****
Bircə məsləhətə, isti nəfəsə,
Bircə xoş baxışa yaman möhtacam.
Bala deyən dilə, “can” deyən kəsə,
Möhtacam, möhtacam, yaman möhtacam.

Müəllif:Sərdar Zeynal

loading...